Azərbaycan cüdosunun uğursuzluğu
Beynəlxalq Cüdo Federasiyasının təqviminə əsasən, Birləşmiş Ərəb Əmirliyinin paytaxtı Əbu-Dabidə Böyük Dəbilqə turniri keçirilib.
Supersport.Az xəbər verir ki, Azərbaycan bu yarışda kişilərdən ibarət milli komandanın böyük məşqçiləri Elçin İsmayılov və Slavko Tekiçin başçılığı altında 5 çəki dərəcəsində 10 cüdoçu ilə təmsil olunub və ölkəmiz yalnız 1 medal qazana bilib.
Üç gün davam edən turnirdə 53 ölkədən 390 idmançı (233 kişi, 157 qadın) iştirak edib.
Kişilərin yarışında Əhməd Yusifov, Balabəy Ağayev (60 kq), Ruslan Paşayev, Rəşad Yelkiyev (66 kq), Rəşid Məmmədəliyev, Hidayət Heydərov (73 kq), Murad Fətiyev, Aslan Kotsoyev (90 kq), Camal Qamzatxanov, Uşanqi Kokauri (+100 kq) mübarizə aparıb. Azərbaycan təmsilçilərindən yalnız Uşanqi Kokauri mükafat qazana bilib. O, bürünc medalla kifayətlənib.
Yığmamızın digər üzvləri — Əhməd Yusifov (-60 kq), Murad Fətiyev (-90 kq) və Camal Qamzatxanov (+100 kq) turniri 5-ci yerdə başa vurublar.
İlk üç qarşılaşmasında qələbə qazanan Murad Fətiyev zədələndiyi üçün yarımfinal mərhələsində mübarizəni davam etdirə bilməyib.
Yarışda Azərbaycan Cüdo Federasiyasının "A" kateqoriyalı beynəlxalq dərəcəli hakimi Nazim Umbayev ədalət təmsilçiləri arasında yer alıb.