Rövşən Nəcəfin bərbad idarəçiliyi: Santuş FIFA-ya şikayət edə bilər
Azərbaycanın futbol üzrə milli komandasının baş məşqçisi Fernandu Santuş istefaya göndərildi. Santuşun AFFA ilə 2027-ci ilə qədər müqaviləsi var idi. Qurum portuqaliyalı məşqçiylə 2024-cü il iyunun 13-də "3+1" illik müddətinə müqavilə imzalamışdı.
Santuşun AFFA prezidenti Rövşən Nəcəfdən 4.5 milyon avro təzminat tələb etdiyi, ehtiyac olsa, FİFA-ya şikayət edəcəyi iddia olunur.
Fernando Santosun rəhbərliyi vaxtında Azərbaycanın (AFFA-nın) bərbad yığması qələbəyə həsrət qaldı, 11 rəsmi oyunda 9 məğlubiyyətlə barışdı, 2 matçda heç-heçə, top fərqi 4-29 oldu. Milli komanda Millətlər Liqasında ən aşağı liqaya yuvarlandı.
İslandiya dünya çempionatının seçmə mərhələsində Azərbaycan seçmə komandasını 5:0 darmadağın etdikdən sonra da idman ictimaiyyəti AFFA rəhbərliyi və baş məşqçi Santuşun istefasını tələb etmişdi. Bir ildir bu tələblər irəli sürülürdü. AFFA sonda məcburiyyətdən Santuşu qovdu.
AFFA rəhbərliyinin "Final mərhələsinə çıxmalıyıq" nağılı başa çatdı.
Fernandu Santuş baş məşqçi təyin olunmazdan əvvəl AFFA rəhbərliyinə milliyə əcnəbi məşqçi gətirməyin zərərli olacağı çatdırılsa da, Rövşən Nəcəf buna məhəl qoymadı, pis nəticəsini gördü. R.Nəcəfin 17 aylıq AFFA prezidentliyi dövründə ölkənin yığma komandaları beynəlxalq yarışlarda ölkəmizi rüsvay etdilər. Uğursuz Santuşa isə milyonlar verildi.
Santuş təyin olunan vaxt AFFA İcraiyyə Komitəsinin üzvü Qurban Qurbanov əcnəbi məşqçinin gətirilməsini səhv qərar hesab edərək, toplantıya qatıımaqdan imtina etmişdi. Q.Qurbanovun haqlı olduğu, R.Nəcəfin futboldan başı çıxmadığı bir daha təsdiqini tapdı.
Rövşən Nəcəfin komandasının ötən müddətdə bərbad fəaliyyəti ortaya çıxdı. Ölkəni biabır edən millinin fiaskosu AFFA rəhbərliyini Santuşu qovmağa məcbur etdi. R.Nəcəf "Neftçi"də prezident olduğu müddətdə də komanda məhv edildi.
Bir sözlə, Rövşən Nəcəfin futbol idarəçiliyini bilmədiyi bir daha aşkar göründü. AFFA rəhbərinin kadr seçimində də ciddi səhvlər var. Milli mütəxəssislər sıxışdırılır.
AFFA legioner limitini ləğv etməklə yığma komandaları daha pis vəziyyətə saldı.
Azərbaycanın milyonlarla pullarının boşuna xərclənməsi, ölkənin imicinə zərbələr vurulmasına görə əsas günahkarlar - AFFA prezidenti Rövşən Nəcəf, qurumun digər rəsmilərindən Elşad Nəsirov, Balakişi Qasımov, Sərxan Hacıyev, Cahangir Fərəcullayev və başqalarıdır.
AFFA rəhbərliyi "Qarabağ"ın beynəlxalq uğurlarının kölgəsində gizlənir.
Azərbaycan premyer liqasının vəziyyəti acınacaqlıdır. Ötən mövsümdən başlayaraq UEFA-dan danışılmış oyunlarla bağlı sərt siqnallar gəlib. "Qarabağ" istisna olmaqla "Araz-Naxçıvan", "Zirə", "Sabah" Avropa yarışlarında bərbad çıxışla yadda qaldı.