AFFA-nın milliyə namizədləri: Abdullah Avcı, Fatih Terim, Rəşad Sadıqov

AFFA-nın milliyə namizədləri: Abdullah Avcı, Fatih Terim, Rəşad Sadıqov
Futbol, Eksklüziv, Tribuna, Yazarlar
758
10 Sentyabr 2025 - 12:01

Supersport.Az saytının əldə etdiyi məlumata görə, AFFA rəhbərliyi Azərbaycanın futbol yığmasına yeni baş məşqçi axtarır. 


Milli komanda bərbad çıxış etdiyi üçün sərt tənqid olunan qurum rəsmiləri, portuqaliyalı Fernando Santuşu qovmaq məcburiyyətində qaldı, 3 milyon avro təzminat ödəməli oldu. 


70 yaşlı Santuşun başçılığı dövründə Azərbaycan yığması 11 oyunun 9-da məğlub oldu, qələbəyə həsrət qaldı, Millətlər Liqasının aşağı liqasına yuvarlandı. AFFA-nın bərbad komandası dünya çempionatının seçmə mərhələsinin ilk oyununda İslandiya qarşısında 0:5 darmadağın edildi.


Supersport.Az-a verilən məlumatda AFFA-nın milliyə baş məşqçiyə namizədlər siyahısında ilk sırada 61 yaşlı türkiyəli mütəxəssis Abdullah Avcıyla Fatih Terimin olduğu bildirilib. Qurum A.Avcıyla bir müddət əvvəl anlaşmasa da, yenidən danışıqlar aparır.


A.Avcı məşqçilik karyerasına "İstanbulspor"da başlayıb.  


Abdullah Avcı 2004-cü ildə Türkiyə U-17 milli komandasının baş məşqçisi kimi çalışıb.  Mütəxəssisin rəhbərliyi altında komanda uğur qazanıb və 2005-ci ildə UEFA U-17 Avropa çempionu titulunu qazanıb və həmin il dünya çempionatında dördüncü yeri tutub. 


Abdullah Avcının məşqçilik karyerasında ən parlaq dövrlərdən biri 2014-2019-cu illərdə "Başakşehir"in tarixində ilk dəfə Türkiyə Super Liqasının qalibi olduğudur. 


2019-un iyununda "Beşiktaş"a baş məşqçi təyin olunan A.Avcı, komandası ölkə kubokunda mübarizəni erkən dayandırdığı üçün 2020-nin yanvarında istefaya göndərilib.


2020-ci ilin noyabr ayında "Trabzonspor"un baş məşqçisi təyin olunan Abdullah Avcı, 2021/2022 mövsümündə Türkiyə Super Liqası çempionu, iki dəfə Superkubokun qalibi olub. Bu, Trabzon klubunun 37 illik fasilədən sonra qazandığı ilk liqa çempionluğudur. Abdullah Avcının "Trabzonspor"da illik qazancı 1 milyon 300 min avro olub. 


Abdullah Avcı 2011-2013-cü illərdə Türkiyə milli futbol komandasının baş məşqçisi vəzifəsində çalışıb. Lakin milli komanda böyük uğurlar qazana bilmədiyindən 2013-cü ildə bu postdan istefa verib.


"İmperator" ləqəbli Fatih Terim 1993-də U-21 yığmasını Akdeniz Oyunlarının qalibi edib, 2008-də Türkiyə milli komandasını Avropa çempionatında yarımfinala daşıyıb, 2000-ci ildə "Qalatasaray"a UEFA Kubokunu qazandırıb.


72 yaşlı mütəxəssis karyerasında "Ankaragücü", "Göztepe", "Fiorentina", "Milan", "Panatinaikos", "Əl-Şabab" klublarının da baş məşqçisi olub. 


Terim "Qalatasaray"a ümumilikdə 20 kubok qazandırıb: 


8 Superliqa Kuboku, 3 Türkiyə Kuboku, 5 Superkubok, 3 TSYD Kuboku və UEFA Kuboku.


F.Terim futbolçu olaraq "Qalatasaray"la 3 dəfə Türkiyə Kubokuna, 1 dəfə isə Superkuboka sahib çıxıb.


Terim İtaliyanın "Commendatore" dövlət nişanına sahipdir.


Beynəlxalq Futbol Tarixi və Statistikaları (IFFHS) tərəfindən 80 ölkədə keçirillən sorğuda ən yaxşı 8 məşqçi sırasına daxil olub.


2008-də UEFA F.Terimi ilin məşqçisi adına namizəd göstərib. O, "Eurosport" tərəfindən "Euro 2008"in ən yaxşı məşqçisi, "World Soccer" jurnalının rəyinə əsasən dünyanın ən yaxşı 7-ci məşqçisi seçilib.


AFFA-nın milliyə baş məşqçilərin namizədlər siyahısında "Zirə"nin baş məşqçisi Rəşad Sadıqovun da olduğu bildirilir. R.Sadıqov isə məşqçi olaraq beynəlxalq yarışlarda uğur qazanmayıb.


Supersport.Az



Digər xəbərlər