"Qarabağ"ın azarkeşi Zəfər Hacılı vəfat etdi: üç qurumu günahlandırmışdı

"Qarabağ"ın azarkeşi Zəfər Hacılı vəfat etdi: üç qurumu günahlandırmışdı
Futbol
141
29 Mart 2026 - 09:11

Supersport.Az-ın məlumatına görə, "Qarabağ"ın 29 yaşlı azarkeşi Zəfər Hacılı koronavirusdan vəfat edib.


Ağdam klubu mərhuma Allahdan rəhmət diləyib.


Zəfər Hacılı, üç gün əvvəl sosial şəbəkədə ağır, köməksiz vəziyyətdə qaldığını qeyd edərək, TƏBİB, Azərbaycan Respublikası Səhiyyə Nazirliyi, İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyi rəhbərliyini günahlandıraraq, xəstəxanaya aparılmadığından şikayətlənmişdi:


"Bu gün saat 16:57-də nəfəs ala bilməmək, boğulma və güclü öskürək səbəbilə 103-ə zəng etdim. Vəziyyətim hazırda da ağırdır, hələ də normal nəfəs ala bilmirəm.


Bu problem məndə xronikidir, əvvəllər də olub və bilirəm ki, müalicəsiz keçən şey deyil. Bronxlarım tam tutulub, boğulma hissi ilə qalmışam. Təcili Tibbi Yardım gəldi, saturasiyamı ölçdülər və çox aşağı çıxdı.


Məni xəstəxanaya aparmaq istədilər, amma əvvəl zəng edib dedilər ki, qızdırmam çox deyilsə xəstəxana qəbul etməyəcək, geri qaytaracaq. Bu, nə yanaşmadır? Bu arada temperaturumu ölçdülər, 38 çıxdı.


Sonra briqadaya deyildi ki, sadəcə qızdırmaya qarşı iynə vurun və gedin. Mənim problemim qızdırmadır? Mən nəfəs ala bilmirəm, boğuluram. Saturasiyam aşağıdır.


Bir insanın bu vəziyyətdə bu cür yola verilməsi açıq-aşkar məsuliyyətsizlikdir. İnsan həyatına bu qədər laqeyd yanaşmaq nə deməkdir? Hələ də ağır vəziyyətdəyəm və real kömək ala bilməmişəm.


Bu məsələ ilə bağlı ciddi araşdırma tələb edirəm. Bu cür yanaşma qəbuledilməzdir.


TƏBİB 

Azərbaycan Respublikası Səhiyyə Nazirliyi 

İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyi"

Digər xəbərlər