Azərbaycan güləşinin zəifliyi, erməninin qızıl medalı  

Azərbaycan güləşinin zəifliyi, erməninin qızıl medalı  
Olimpiya, Eksklüziv, Tribuna, Güləş, Yazarlar
134
03 Avqust 2026 - 22:37

Bakıda təşkil olunan U-17 Dünya Çempionatı Azərbaycan güləşində ağır mənzərəni üzə çıxartdı.


Dünya çempionatında rekord sayda 60 ölkədən 663 idmançı mübarizə apardı ki, burada ölkəmizin təmsilçiləri ən mühüm uğur qazanmağı qaçırdılar, çempionluğa həsrət qaldılar.


Nazir Mikayıl Cabbarovun prezident olduğu Azərbaycan Güləş Federasiyası, məşqçilər heyəti, pəhləvanlar ölkəmizə qızıl medal qazandırmağı bacarmadılar.


Azərbaycanın üç yığmasının üzvlərindən heç biri çempionluq tituluna sahib çıxa bilmədi.


Ölkə adına 29 idmançı ümumilikdə 7 - 4 gümüş, 3 bürüc medal qazana bildi.


Azərbaycanın güləş yığmaları ev sahibliyi etdiyimiz yarışda, doğma divarlarda fiaskoya uğradı. Mikayıl Cabbarovun rəhbərlik etdiyi güləş qurumu "gümüş-bürünc"lə kifayətləndi, təsəlli tapdı. Bu fakt uğursuzluq hesab oluna bilər.


Azərbaycanda dövlətin idmana da milyonlar ayırması, yüksək şəraitinin qarşılığında güləş yığmaları da uğur qazanmağa borcludurlar.


Doğma divarlarda qızıl medalsız qalmaq bu sahədə ciddi problemlərin, idmançılarda psixoloji, fiziki hazırlığın aşağı, həmçinin əsas millinin gələcəyinin sual altında olduğunu ortaya qoydu.


Dünya çempionatı ərəfəsində Azərbaycan Güləş Federasiyasının baş katibi Pərvin Piriyev ehtiyatlı danışaraq, sanki əvvəlcədən özlərini "sığortalamışdı": 


"Bizim hədəfimiz ilk sıralarda yer almaqdır. Lakin bu, hazırda əsas prioritetimiz deyil. U-17 keçid yaş dövrüdür. Üstünlük verdiyimiz məsələ idmançıların həm mental, həm də fiziki sağlamlığıdır. Əsas məqam onların texniki fəndləri düzgün icra etmələridir. Yeni bilik və təcrübə qazanmaları üçün səhv etmək şansları olmalıdır".


Azərbaycan güləşindən büdcə, şərait baxımından çox geri olan Ermənistanın təmsilçisi ölkəmizdə çempionluq, qızıl medal qazandı, bayrağını yüksəyə qaldırdı, xalçada dövrə vurdu, himnini səsləndirdi.


Azərbaycan Güləş Federasiyası zəif çıxışları təhlil etməli, səhvlərdən nəticə çıxarmalıdır ki, həm dövlətin milyonları havayı getməsin, həm də milli komandaların gələcəyi uğurlu olsun.


Supersport.Az





Digər xəbərlər