"Düzgün oyun qurmasaq, çətinlik çəkərik" - Ayxan Abbasov
UEFA Millətlər Liqası D2 qrupunun oyunu çərçivəsində Bakıda Lixtenşteyn seçməsini qəbul edəcək Azərbaycan yığmasının baş məşqçisi Ayxan Abbasov matçdan öncə keçirilən mətbuat konfransında fikirlərini bildirib.
"İkinci oyunumuza çıxacağıq. Turnir cədvəlində ilk pillədə olmaq istəyiriksə, qalib gəlməliyik. Rəqibi yaxından tanıyırıq. Lixtenşteyn millisi istəkli komandadır. Onların itirəcəkləri bir şey yoxdur, mübarizə aparırlar. Rəqibin müdafiəsini yarmalıyıq. Bu matçda tələssək, düzgün oyun qurmasaq, çətinlik çəkə bilərik. İnanıram ki, futbolçularımız həm yaxşı oyun göstərəcəklər, həm də qələbə qazanacaqlar.
Onsuz da biz hər dəfə rəqibə görə oyunu təhlil edirik. Fərqli komandalardır. Litva ilə Lixtenşteyn tam fərqli oyun oynayır. Bilirik ki, bu oyunda müdafiəni yarmaq vacib olacaq. Sonluq yaxşı olmalıdır. Bunu yerinə yetirmək lazımdır. Üç məşqdir bunun üzərində çalışırıq. İnanıram ki, istədiyimiz qolları vuracağıq. Rəqibin ən üstün cəhəti əks-hücumlardır.
Millilər arasında zəif rəqib olmur. Hamı xal qazana bilir. Biz hazırlıq dövründə də qeyd etmişdik ki, Millətlər Liqasında rəqiblərə qarşı çox hücum etməliyik, dominant oynamalıyıq. Bundan əvvəlki oyunlarda bu az idi. Çünki rəqiblər Fransa və Ukrayna idi.
Millimizə dəstək lazımdır. İnanıram ki, azarkeşlər olacaq. Futbolçular bu stadionda oynamağı xoşlayırlar. Ümid edirəm ki, azarkeşlər gələcəklər".