Qurban Qurbanov: "Qarabağ" "Nyukasl"ın gücü ilə barışmayacaq"
Supersport.Az xəbər verir ki, Çempionlar Liqasının pley-off mərhələsində "Nyukasl"la qarşılaşacaq "Qarabağ"ın baş məşqçisi Qurban Qurbanov fikirlərini bildirib.
Qurban Qurbanov sıx oyun qrafikinin komandanın hazırlığına təsir etdiyini deyib:
"Bizim üçün yaxşı olardı ki, bu günkü oyuna daha optimal hazırlaşardıq. Şamaxı stadionunda oynadıq, dörd gün sonra yenidən buraya qayıdacağıq. Daha sonra isə Qubaya yollanacağıq. Oradakı şəraiti də yaxşı bilirsiniz. Bütün bunlar "Nyukasl Yunayted"lə oyun üçün istədiyimiz səviyyədə hazırlaşmağımıza imkan verməyə bilər".
Təcrübəli mütəxəssis "Nyukasl Yunayted" oyunu ilə bağlı mövqeyini də açıqlayıb:
"Nyukasl Yunayted" çox güclü rəqibdir, özünəməxsus oyun üslubu olan komandadır və fiziki cəhətdən üstün futbolçuları var. Amma biz onların gücü ilə barışmayacağıq. Sona qədər mübarizə aparacağıq. Qarşıdakı günlərdə rəqibi daha detallı təhlil edib, komandamızı maksimum səviyyədə hazırlamağa çalışacağıq".