Fərid Qayıbovun nazir olduğu qurumda milyonlarla yeyinti 

Fərid Qayıbovun nazir olduğu qurumda milyonlarla yeyinti 
Digər
125
23 Aprel 2026 - 14:43

Azərbaycanın Hesablama Palatası Gənclər və İdman Nazirliyinin fəaliyyətində növbəti dəfə maliyyə fırıldaqları aşkar edib.


Nazirliyin tabeliyində fəaliyyət göstərən Olimpiya İdman Komplekslərində (OİK) aparılan auditin nəticələri açıqlanıb. Yoxlamalar zamanı nazirlikdə dövlət vəsaitlərinin idarə olunmasında ciddi maliyyə pozuntuları, mənimsəmə halları və genişmiqyaslı idarəetmə boşluqları üzə çıxıb.


Supersport.Az xəbər verir ki, Hesablama Palatası 2022–2025-ci illəri əhatə edən audit yoxlaması nazirliyin ümumilikdə 15 milyon manatlıq vəsaitin xərclənməsinə dair faktları araşdırıb.


Palatanın hesabatında qeyd olunur ki, komplekslərin fəaliyyətində heç bir strateji planlaşdırma aparılmayıb, tarif siyasəti isə elmi və iqtisadi əsaslar olmadan müəyyən edilib. Nəticədə gəlirlərin böyük hissəsi öz fəaliyyətindən deyil, birbaşa dövlət subsidiyalarından asılı vəziyyətə düşüb. Bir çox hallarda xidmət qiymətləri real xərclər nəzərə alınmadan təyin olunub ki, bu da dövlət büdcəsinə əlavə yük yaradıb.


Araşdırma zamanı ən ciddi məqamlardan biri də gəlirlərin gizlədilməsi ilə bağlıdır. Müəyyən olunub ki, əksər komplekslərdə maliyyə hesabatları ümumiyyətlə tərtib edilməyib, əldə olunan gəlirlərin bir hissəsi rəsmi qeydiyyata alınmadan nağd şəkildə mənimsənilib. Bu isə öz növbəsində vergi öhdəliklərinin düzgün yerinə yetirilməməsinə və büdcədən yayınmalara yol açıb.


Hesablama Palatası aşkar edilmiş bu qanunsuzluqların aradan qaldırılması və məsul şəxslərin cəzalandırılması üçün müvafiq tədbirlərin görüləcəyini vurğulayıb:


"Tabeliyindəki olimpiya idman kompleksləri (OİK) vasitəsilə Azərbaycan Respublikasının Gənclər və İdman Nazirliyinin idmanın inkişafı istiqamətində fəaliyyəti ilə bağlı kənar dövlət maliyyə nəzarəti tədbiri Hesablama Palatasının 2025-ci ilin İş planına əsasən səmərəlilik (performans) auditi formasında həyata keçirilmişdir. Audit 01.01.2022-ci il tarixindən 01.01.2025-ci il tarixinədək olan dövrü əhatə etməklə 15,0 mln. manat məbləğində vəsaiti əhatə etmişdir. 

Qeyd edək ki, OİK-lər gənc nəslin sağlam böyüməsi üçün idmanın kütləviliyinin təmin olunması, gənclərin asudə vaxtının və istirahətinin səmərəli təşkili məqsədi ilə respublikanın bütün bölgələrində genişmiqyaslı məqsədyönlü tədbirlərin icrasında xüsusi yer tutur. 

Respublika ərazisində geniş şəbəkənin qurulması OİK-lərin bu istiqamətdə əhəmiyyətini daha gücləndirir. 

Diqqətə çatdırılmalıdır ki, İdman obyektlərinin, o cümlədən OİK-lərin ictimai statusu, mülkiyyət forması və balans mənsubiyyəti, idarə olunması, onların fəaliyyətinə nəzarət mexanizmləri, həmin obyektlərdən ictimai istifadə ilə bağlı məsələlər hər hansı hüquqi aktla tənzimlənməmişdir. Nazirlik tərəfindən OİK-lərin inkişafı, bu obyektlərin ictimai əhəmiyyətinin və təsirinin yüksəldilməsi, maliyyə sərbəstliyinə nail olunması və artırılması məqsədilə hər hansı strateji sənədlər hazırlanmamış, orta və uzunmüddətli perspektivdə OİK-lərin idmanın inkişafı ilə bağlı tədbirlərin davamlı olmasında xidmət və iştirak payının gücləndirilməsi üçün tədbirlər planları qəbul olunmamışdır. 


"Azərbaycan Respublikasının 2022–2026-cı illərdə sosial-iqtisadi inkişaf Strategiyası"nda vətəndaşların sağlam həyat tərzinin təmin edilməsi ilə bağlı fəaliyyət istiqamət çərçivəsində mövcud idman infrastrukturunun müasirləşdirilməsi və ondan istifadə imkanlarının genişləndirilməsi qeyd edilmiş və nəticə göstərici kimi mövcud idman infrastrukturundan istifadə edənlərin sayının hər il 10% artması müəyyən olunmuşdur. Bununla belə, Dövlət Statistika Komitəsinin məlumatlarına görə 2022-2024-cü illərdə idman seksiyalarında ayrı-ayrı idman növləri ilə məşğul olanları sayı azalma meylinə malik olmuş və müvafiq olaraq 400899 nəfər, 402408 nəfər və 399268 nəfər təşkil etmişdir. 

Qeyd edək ki, bu meyil idman qurğularının sayının artımı fonunda müşahidə edilmişdir. 

Belə ki, 2022-2024-cü illərdə bu qurğuların sayı müvafiq olaraq 12156 vahid, 12270 vahid və 

12290 vahid təşkil etmişdir. Göstərilən meyillər nəticəsində 1 qurğuya düşən əhalinin sayında da azalma olmuşdur. 

Nazirlik tərəfindən vahid və ya OİK-lərin müxtəlif amillərdən asılı olan gəlirlilik səviyyəsinə uyğun diferensiallaşdırılmış xidmət tarifləri müəyyən edilməmiş, eləcə də OİK-lər tərəfindən də idman infrastrukturundan və alətlərindən istifadə üzrə vahid qiymət cədvəli təsdiq edilməmişdir. 

Ümumiyyətlə, xidmət tariflərinin müəyyən edilməsi üzrə əsaslandırılmış yanaşmanın tətbiq olunmaması qiymətlərin xərclər nəzərə alınmadan "cəlb etmək məqsədilə aşağı qiymətlər" prinsipi əsasında müəyyənləşdirildiyini qeyd etmək imkanı verir. Belə yanaşma, son nəticədə, 

OİK-lərin gəlirlərinin onların faktiki xərclərinə adekvatlılığının təmin edilməsinə şərait yaratmamışdır. Eləcə də, OİK-lərin daxilolmalarının əsas hissəsinin subsidiyalardan formalaşması və digər gəlirlərin OİK-in yerləşdiyi coğrafi mövqedən sıx asılı olması funksional fəaliyyət istiqamətlərinin diversifikasiyalaşdırılması zərurətini aktuallaşdırmışdır. Gəlir və xərclərin dəqiq müəyyənləşdirilməməsi subsidiya məbləğinin iqtisadi mahiyyətinə uyğun müəyyənləşdirilməməsinə şərait yaratmışdır. 

Nazirlik tərəfindən keçirilən idman tədbirlərindən əldə olunan gəlirlərin xüsusi çəkisinin yüksək olması fonunda bədən tərbiyəsi və idman tədbirlərinin tənzimlənməsinə yanaşma iqtisadi göstəricilər nəzərə alınmadan uzun illər sabit saxlanılmışdır. Eləcə də, idman növlərinə görə xərclərin differensiallaşdırılmaması idmançıların qidalanmasına vahid yanaşmanın tətbiqi ilə yanaşı, OİK-lər tərəfindən göstərilən xidmətlər üzrə dəyər/mənfəət nisbətinin uyğun olmaması, bəzi hallarda isə dəyərin daha çox olması ilə nəticələnmişdir. 

Ştat vahidlərinin optimallaşdırılmaması funksiyalar və kadr resursları arasında uyğunsuzluqlara səbəb olmuşdur. Eləcə də, idman növləri üzrə maraqların və xərclərin diqqətə alınmaması nəticəsində ayrı-ayrı idman növləri üzrə məşqçi heyətə çəkilən xərclər bəzi hallarda bu idman növü üzrə gəlirləri nəzərəçarpacaq dərəcədə üstələmişdir. 

İcarə haqlarının bir çox hallarda ümumiyyətə alınmaması, bunun müqabilində isə həmin qurumların kommunal xərclərinin də OİK-lər tərəfindən ödənilməsi dövlət əmlakının təsərrüfat fəaliyyətinin gəlirliliyinin yüksəldilməsi məqsədlərinə xidmət etməyən şərtlərlə icarəyə verildiyini vurğulamaq imkanı verir. Analoji yanaşma ştatda olmayan məşqçilərlə müqavilələrin bağlanılması üzrə də müşahidə edilmiş, qeyd olunan hallar OİK-lərin gəlir imkanlarını genişləndirilməsinə şərait yaratmamışdır. 

Otel xidmətlərinin göstərilməsinə dair əməkdaşlıq əksər OİK-lər üçün səmərəli təşkil edilməmişdir. Belə ki, bəzi hallarda otel fəaliyyətinə hər hansı digər maliyyə və fəaliyyət dəstəyinin göstərilmədiyi, ümumiyyətlə müqavilələr çərçivəsində yalnız əməkdaşlıq edilən müəssisənin cəlb etdiyi müştərilərdən deyil, bütün müştərilərdən, o cümlədən təşkili və keçirilməsində müvafiq MMC-nin heç bir iştirakı olmayan gənclər və idman tədbirləri üzrə gəlirlərin də 20%-nin həmin müəssisəyə ödənildiyi, hesablaşmalar zamanı gəlirlərin əldə edilməsinə OİK-in çəkdiyi xərclərin nəzərə alınmadığı müəyyən olunmuşdur. Nəticədə əməkdaşlıq həyata keçirilməyən dövrlə müqayisədə OİK-lərin otel xidmətlərindən gəlirləri azalmışdır. 

Tədbirlərin düzgün planlaşdırılmaması, eləcə də idman və otel infrastrukturunun tələblərə uyğun və qənaətbəxş səviyyədə olmaması potensiallardan istifadə edilməsi səviyyəsinə təsir göstərmişdir. 

OİK-lərin idman infrastrukturundan qadınların və əlilliyi olan şəxslərin istifadə etmələri üçün qismən şərait olsa da, OİK-lərin infrastrukturunun hazırkı vəziyyəti həmin infrastrukturun qadınlar və əlilliyi olan şəxslər üçün əlçatanlığının və bununla da inkluzivliyin təmin edilməsi istiqamətində məqsədyönlü fəaliyyətin gücləndirilməsinin zəruriliyini göstərmişdir. 

4 OİK istisna olmaqla, digər OİK-lər tərəfindən maliyyə hesabatları tərtib edilməmiş, bu hal OİK-lərin maliyyə-təsərrüfat fəaliyyəti, habelə maliyyə vəziyyəti barədə sistemləşdirilmiş məlumatların və fəaliyyətin maliyyə nəticələri haqqında rəsmi açıqlamanın olmaması ilə nəticələnmişdir. Bu, son nəticədə OİK-lərin fəaliyyətinin tənzimlənməsi ilə bağlı qərar qəbul edənlərin səmərəli fəaliyyətə dair qərar qəbul etmə imkanlarının məhdudlaşmasına şərait yaratmışdır. 

Gəlirlərin bir çox hallarda rəsmiləşmədən nağd formada alınması, eləcə də bu vəsaitlərin daxilolma mənbələrinə görə qruplaşdırılmaması bu gəlirlərlə bağlı hesabatlarda əks olunan göstəricilərin düzgünlüyünün qiymətləndirilməsinə şərait yaratmamışdır. Daxilolmaların idman növlərinə görə qruplaşdırılmaması idmanla məşğul olanların sayı ilə bağlı statistik hesabat göstəricilərinin də təsdiqlənməsi imkanlarını məhdudlaşdırmışdır. 

Subsidiyaların gəlir kimi tanınmadan xərc kimi tanınması OİK-lərin mənfəət vergisi bəyannamələrində uyğunsuzluqların yaranması ilə yanaşı, nəticələrə uyğun yaranmalı olan vergi münasibətlərinin düzgün qurulması və qiymətləndirilməsinə şərait yaratmamışdır. Eləcə də, bəzi hallarda gəlir vergisi və digər məcburi ödənişlər düzgün tutulmamış, OİK-lər tərəfindən əmək haqqı üzrə hesablanmış məcburi ayırmaların vaxtında ödənilməməsinə görə faiz tətbiq olunmuşdur ki, bu da vəsaitlərin səmərəli istifadə imkanlarını məhdudlaşdırmışdır. 

Fəaliyyətlə bağlı məlumatlandırmanın zəruri səviyyədə təşkil edilməməsi, eləcə də OİK-lərin resurs potensialında fərqliliklər idman növləri üzrə göstəricilərə təsir göstərmişdir. 

Auditin nəticələri müvafiq qaydada müzakirə edilərək Kollegiya tərəfindən Qərar qəbul 

olunmuş, Qərarda yol verilən nöqsanların aradan qaldırılması istiqamətində fəaliyyətlərlə bağlı bəndlər əks etdirilmişdir. Eləcə də, auditin nəticələri əsasında Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyinin yanında Dövlət Vergi Xidmətinə və Əmlak Məsələləri Dövlət Xidmətinə, Azərbaycan Respublikasının Maliyyə Nazirliyinə, həmçinin Azərbaycan Respublikasının Prezidenti yanında Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Agentliyinə aidiyyəti üzrə məlumatlar verilmişdir".


Xatırladaq ki, Hesablama Palatası Fərid Qayıbovun nazir olduğu qurumda dəfələrlə maliyyə fırıldaqları aşkar etsə də, nazirlik çirkin işlərə davam edib.

Digər xəbərlər