Ayxan Abbasov: "Bizdəki təzyiqin heç yarısı Litvada yoxdur"
Litva millisinin baş məşqçisi Edqaras Yankauskas deyib ki, Azərbaycanda prioritet klub futboludur, milli komandaya çox təzyiq yoxdur. Bunu da legioner limiti ilə əlaqələndirib.
Azərbaycan yığmasının baş məşqçisi Ayxan Abbasov litvalı mütəxəssisin fikirlərinə münasibət bildirib.
"Oxudum fikrini. Azərbaycanda milliyə təzyiq yoxdur deyib. Bizdəki təzyiqin heç yarısı Litvada yoxdur. Bir çox ölkələri qeyd etmək olar ki, milliyə fikir vermirlər, büdcələr o deyil. Biz də bunun bəhrəsini görmüşük. Hər il Çempionlar Liqasında komandamız çıxış edir, böyük klublar Azərbaycana gəlir. Litva və ya başqa ölkələrin klubları bu nəticələri əldə edə bilmirlər. O mövqedən yanaşır ki, bizim çempionatda yaxşı oyunçular var. Çempionatımızın yaxşı görünməməsinin səbəbi stadionlar, işıqlar və azarkeşdir. Polşa liqasına baxırıq. Klub deyir ki, polşalı oyunçu transfer edə bilmirik, Avropaya getmək istəyirlər. Gəncədəki oyuna televiziyadan baxsanız, "Kəpəz"in kimlə oynadığı yazılmasa, başqa matç kimi görünə bilər. Bunun üzərində çalışmaq lazımdır ki, bizim liqa da daha yaxşı olsun".