"Qalatasaray"da stadiondan narazılıq
Çempionlar Liqasında "Ştutqart" üzərində qazanılan 2-0-lıq qələbədən sonra Super Liqada "Amedspor"u 4-3 məğlub edən "Qalatasaray"da narazılıq başlayıb.
Viktor Osimhen və Leroy Sanenin zədələnməsi komandada məyusluq yaradıb.
Supersport.Az "Fanatik"ə istinadla məlumat verir ki, əldə olunan uğurlu nəticələrlə yanaşı, klubun stadionunun ot örtüyü gündəmdə əsas müzakirə mövzusuna çevrilib.
Komanda rəhbərliyilə meydançanı hazırlayan şirkət arasında anlaşılmazlıq var.
"Qalatasaray" tərəfi sahəyə səhv ot növünün səpildiyini iddia edir, lakin şirkət bunu qəbul etmir. Tərəflər arasında mübahisə davam etsə də, hazırda əsas prioritet meydançanın mövcud vəziyyətinin yaxşılaşdırılmasıdır.
Futbolçuların da ot örtüyü ilə bağlı narazılıqlarını dilə gətirməsi məsələnin əhəmiyyətini daha da artırır. Osimhenin ardınca Sanenin də zədələnməsi narahatlığa səbəb olub.
Bununla belə, hər iki oyunçunun zədəsinin birbaşa zəmidən qaynaqlandığına dair rəsmi bir açıqlama və ya təsdiq hələ mövcud deyil.
Klub rəhbərliyi milli komandaların oyunları ilə əlaqədar liqaya verilən fasilədə problemin həllinə çalışacaq.