Qurban Qurbanov: "Bu cür komandalar səhvləri bağışlamır"
Supersport.Az xəbər verir ki, Çempionlar Liqasının Liqa mərhələsinin altıncı turu çərçivəsində keçirilən “Qarabağ” - “Ayaks” matçının (2:4) ardından Azərbaycan kluhunun baş məşqçisi Qurban Qurbanov fikirlərini açıqlayıb.
Təcrübəli mütəxəssis oyunsonrası mətbuat konfransında oyunu şərh edib.
"Futbolçularımdan razı qaldım. Son illər belə dinamik, sürətli, bu qədər bolqollu oyun nadir hallarda olurdu. Sadəcə bu cür komandalar səhvləri bağışlamır, epizodlardan istifadə edirlər. Sanki “Ayaks”ın əvvəlki 5 matçda alınmadığı hər şey bu gün alındı. Məğlub olsaq da, döyüşdük. Düzdür, hamımız qələbə qazanmaq istəyirdik, bərabərlik haqda düşünmürdük. Futbolçulara da bu ruhu vermişdik. Ona görə oyunçularımız hücumda çoxluq təşkil etməyə çalışırdılar. Azarkeşlərə təşəkkür edirəm, bizə güvəndilər. Əsl futbol bayramı var idi. Təkcə qələbə çatmadı. Futbolda belə nəticələrə hazır olmaq lazımdır. Məncə, hamı oyundan həzz aldı, sadəcə nəticə əksinə oldu".