Ombudsman AFFA-nın fəaliyyətində nöqsanlar aşkarladı

Ombudsman AFFA-nın fəaliyyətində nöqsanlar aşkarladı
Futbol
448
13 Yanvar 2026 - 22:39

Supersport.Az xəbər verir ki, Azərbaycan Respublikasının İnsan Hüquqları üzrə Müvəkkilinin (Ombudsmanın) ünvanına daxil olmuş müraciətlər və mediada dərc edilmiş məlumatlara əsasən Ombudsman Aparatının əməkdaşları tərəfindən idman yarışlarında, xüsusilə futbol oyunlarında bərabərlik hüququnun təmin olunması vəziyyətinin öyrənilməsi məqsədilə müstəqil monitorinq həyata keçirilib.


"Son illər dünya futbol arenasında ayrı-seçkilik və irqi zəmində baş verən xoşagəlməz hallar, eləcə də azarkeşlər tərəfindən rəqib komandanın üzvlərinə və hakimlərə qarşı etik normalara zidd davranışlar müşahidə olunur. Təəssüflər olsun ki, analoji hallar ölkəmizdə keçirilən bəzi futbol oyunlarında da qeydə alınmaqdadır. Bu kimi hallar futbolun qarşılıqlı hörmətə əsaslanan mahiyyətinə, bərabərlik prinsipinə və idmanın fundamental dəyərlərinə açıq şəkildə zidd olmaqla yanaşı, insan hüquqlarına hörmətin təmin olunması baxımından ciddi narahatlıq doğurur".


Ombudsman Aparatı hesab edir ki, AFFA İntizam Qaydalarında da (yerli federasiya səviyyəsində) ayrı-seçkiliyə görə qadağa və cərimələr göstərilib. Lakin çatışmazlıqlar mövcuddur.


Azərbaycan Respublikasının İnsan Hüquqları üzrə Müvəkkilinin (Ombudsman) Futbolda bərabərlik hüququnun təmini və ayrı-seçkiliyə qarşı mübarizəyə dair Monitorinq Hesabatında bildirilir. 


- Mövcud intizam və sanksiya mexanizmləri beynəlxalq idman hüququnda qəbul olunmuş standartlarla müqayisədə kifayət qədər uyğunlaşdırılmamışdır. Xüsusilə cərimə məbləğlərinin aşağı olması, azarkeşlərə tətbiq olunan qadağa müddətlərinin məhdudluğu və hissəvi stadion bağlılığı kimi effektiv preventiv tədbirlərin tətbiq edilməməsi yerli intizam çərçivəsində nəzərəçarpan hüquqi boşluqların mövcudluğunu göstərir.


- Azarkeşlərə münasibətdə tətbiq olunmalı olan preventiv intizam tədbirləri — stadionlara giriş qadağası, eləcə də klub üzrə hissəvi və ya tam stadion bağlanması kimi sanksiyalar — mövcud qərarlarda kifayət qədər əksini tapmır. Bu da yerli intizam praktikasında beynəlxalq standartlarla tam uyğunluğun təmin olunmadığını göstərir.


- İdman prosesinin bütün subyektləri — klublar, oyunçular və azarkeşlər üçün nəzərdə tutulan preventiv tədbirlərin (məsələn, təlim proqramları, maarifləndirmə və məlumatlandırma kampaniyaları, azarkeş davranış kodeksləri) institusional və davamlı şəkildə həyata keçirilməməsi, diskriminasiya əleyhinə effektiv idarəetmə mexanizmlərinin formalaşdırılmasında sistemli boşluqların mövcudluğunu göstərir.


- Azarkeş davranışlarının monitorinqi və intizam tədbirlərinə dair məlumatların şəffaf şəkildə toplanması, qeydə alınması və ictimaiyyətə açıqlanması üzrə mexanizmlərin yetərincə formalaşmaması, idman sahəsində hesabatlılıq və nəzarət prinsiplərinin təmin edilməsində əhəmiyyətli praktiki çatışmazlıqların mövcud olduğunu göstərir.


Digər xəbərlər