Qurban Qurbanov: "Sevinənlər də, narazı qalanlar da var idi"
Supersport.Az xəbər verir ki, Azərbaycan Premyer Liqasının XXII turunun "Qarabağ" - "Sabah" (3:3) oyunundan sonra Ağdam klubunun baş məşqçisi Qurban Qurbanov fikirlərini açıqlayıb:
"Bu gün çox maraqlı oyun alındı. Stadionda gözəl atmosfer var idi. Hər iki komandanın azarkeşlərinə təşəkkür edirəm. Azarkeşlərin görmək istədiyi kimi matç oldu. Rəqibin hücum xətti çox güclüdür. Futbol elə səviyyəyə çatıb ki, belə hesab hər oyunda baş verə bilər. Futbolun sevilən tərəfi ondadır ki, bəzən düşünmədiyin hallar ilə üzləşirsən. Məni narahat edən futbolçularımın bərpasıdır. Çox gərgin qrafikdə oynayırdıq. “Nyukasl”dan sonra belə bir matç oldu. 3 gün sonra kubok, sonra yenidən çempionat oyunu olacaq.
Oyundan sonra sevinənlər də, narazı qalanlar da var idi. Futbolçularımdan razı qaldım, xarakter göstərdilər. Xaraktersiz bir nəticə əldə edə bilmərik. Məcbur deyilik ki, hər il çempion olaq. Futbolda belə termin yoxdur. Biz sonadək mübarizə aparacağıq. Biz bu gün “Sabah”ın gücünü daha yaxşı bildik. Qalib gəlmək istəyiriksə, bugünkündən daha yaxşı oynamalıyıq".