Masazırda dava: UEFA "Sabah"a ağır cəza verə bilər

Masazırda dava: UEFA "Sabah"a ağır cəza verə bilər
Futbol, Eksklüziv
145
13 Avqust 2026 - 08:25

Bakıda Çempionlar Liqasının 3-cü təsnifat mərhələsinin "Sabah" - "Orhus" (4:0) oyunundan əvvəl dava olub.


Masazırda keçirilən matçdan öncə xoşagəlməz hadisə baş verib.


Supersport.Az Danimarka mətbuatına istinadla xəbər verir ki, matçdan bir saat əvvəl 40-50 qarageyimli "Sabah" azarkeşi "Orhus"un tərəfdarlarına hücum edib.


"Orhus"un direktoru Ceykob Nilsen hadisə haqda açıqlama verib:


"UEFA-nın tələbinə görə qonaq azarkeşlərlə meydan sahiblərinin tərəfdarları stadiona eyni girişdən daxil ola, həmçinin eyni və ya bir-birinə yaxın sektorlarda əyləşə bilməz. Onlar təhlükəsizliyin təmin olunması məqsədilə tribunalara ayrı-ayrı yerlərdən daxil olmalıdılar. Lakin "Sabah" bizim üçün belə şərait yaratmadı. Oyundan bir gün əvvəl bu barədə azarkeşlərimizi məlumatlandırmış, onlardan çox diqqətli olmağı xahiş etmişdik. Təəssüf ki, belə hadisə yaşandı. Başverənlərin azarkeşlərimiz üçün məyusedicidir. Hadisə barədə UEFA-nın stadiondakı nümayəndəsi ilə danışmışam,UEFA-ya da məlumat vermişik. Hazırda bu haqda daha ətraflı məlumat toplanılır. Aydındır ki, "Sabah" təhlükəsizlik qaydalarına riayət etməyib. Hazırda rəqib klubla da danışıqlarımız davam edir".


"Bold.dk" saytı "Sabah"ın qarageyimli azarkeşlərinin mikroavtobuslardan düşən "Orhus" fanatlatına hücum etdiyini, hüquq-mühafizə orqanlarının hadisələrin axarına operativ reaksiya vermədiyini, onların azarkeşlərin yoxlanılmasıyla məşğul olduğunu qeyd edib.


Danimarkadan 175 azarkeşin "Sabah" - "Orhus" matçına getdiyi, onların xuliqanların hücumuna məruz qaldığı, bir neçə fanatın xəsarət aldığı bildirilir.


UEFA "Sabah"ı sərt cəzalandıra bilər. Avropa qurumunun Azərbaycan çempionunu böyük məbləğdə cərimələyəcəyini, ev matçında azarkeş qadağası qoyacağını ehtimal etmək olar. "Sabah" təhlükəsizlik məsələsinə görə məsuliyyət daşıyır və bu baxımdan qeyri-peşəkar davranıb. Buna görə də ağır cəza ola bilər.


UEFA sərt qərar verərsə, Tofiq Bəhramov adına Respublika stadionunda keçirilməsi nəzərdə tutulan Çempionlar Liqasının pley-off mərhələsinin "Sabah" - "Hapoel" matçı boş tribunalar qarşısında keçiriləcək.


Digər xəbərlər