Rəşad Sadıqov: "5:0 məğlub olsaq da, narazı deyiləm" - Video
Supersport.Az xəbər verir ki, Azərbaycan Premyer Liqasının 4-cü turunda "Sabah"la matçda 5 qol buraxaraq məğlub olan "Zirə"nin baş məşqçisi Rəşad Sadıqov fikirlərini bildirib.
"Oyuna ilk dəqiqələrdən fəal başladıq. Çalışırdıq ki, oyuna nəzarət edək. Bu da bizdə pis alınmırdı. "Sabah" isə ilk hücumunda qol vurdu. 3-5 dəqiqə keçdikdən sonra yenə kobud səhvə yol verdik. Bilmirəm, penalti epizodu penaltidir, ya yox...2:0-dan sonra oynamaq çətin idi. Amma futbolçularım özündə güc tapıb mübarizəyə davam edirdilər. Hesab 5:0-dır. Amma mən futbolçuların göstərdiyi oyundan ümumən narazı deyiləm. Oynayırdılar, topa nəzarət bəzən rəqibdə, bəzən bizdə idi, eyni səviyyədə olurdu. Qol epizodları yaratmaq da eyni səviyyədə idi. Onlar 6 qol epizodu yaratdılar, 5-dən istifafə etdilər. Bizdə 4-5 yaxşı qol epizodu oldu. Amma biz istifadə edə bilmirdik. Bu gün iki komanda arasında yeganə fərq bitiricilik, son zərbələr idi. Bir də, ikinci və üçüncü qolda müdafiədə buraxdığımız kobud səhvlər...Bu gün "Sabah"a qarşı fərqli oynamağa, daha hücumameyilli, açıq futbol oynamağa çalışırdıq. Oyun planında pis alınmırdı. Ancaq "Sabah" bizi bu gün bitiricilikdə üstələdi".