AFFA-dan Elçin Məsiyevə ağır cəza - Eksklüziv 

AFFA-dan Elçin Məsiyevə ağır cəza - Eksklüziv 
Futbol, Eksklüziv
98
17 Sentyabr 2026 - 11:00

Supersport.Az-ın əldə etdiyi məlumata görə, AFFA daha bir hakimi ağır cəzalandıracaq. 


Hakimlər Komitəsinin sədri Rəhim Həsənov Azərbaycan Premyer Liqasının 5-ci turunda "Araz Naxçıvan"la matçda FİFA referisi Elçin Məsiyevin "Turan Tovuz"un qapısına səhv penalti qərarı verdiyini etiraf edib. Məsiyev bərbad qərarıyla Tovuz klubunun qələbəsini əlindən alıb, iki xalını "oğurlayıb".


Premyer Liqanın ikinci turunda baş hakim Rauf Cabarov "Şamaxı"yla matçda "Turan Tovuz"un təmiz qolunu hesaba almamış, bu azmış kimi komitə sədri Rəhim Həsənov onu müdafiə etmişdi. 


Supersport.Az-a məlumatlı mənbədən bildirilib ki, AFFA Hakimlər Komitəsi Elçin Məsiyevə 5 oyunluq cəza verməyi, bu müddətdə premyer liqa matçlarından kənar qoymağı düşünür. 


Məsiyev birinci və ya əvəzedici liqaya göndərilə bilər.


Maraqlıdır ki, "Turan Tovuz" daha çox hakim səhvləriylə üzləşir.


Bu ilin aprelində Azərbaycan Kubokunun yarımfinal mərhələsinin ilk oyunu çərçivəsində keçirilən “Turan Tovuz” - “Zirə” (0:2) matçında verdiyi qərarlarla gündəmə gələn matçın baş hakimi Əliyar Ağayev ağır cəzaya məruz qalmışdı. 


Penalti epizodlarında matçı davam etdirən təcrübəli FİFA referisi, mövsümün 5 turunda premyer liqa oyunlarına təyinat almamışdı. 


Həmin qarşılaşmada VAR hakimi olan Cavid Cəlilov da cəzalandırılmışdı. C.Cəlilov matçın 70-ci dəqiqəsində Qismət Alıyevin Roderik Millerin ayağını tapdaladığı epizodda potensial penaltini düzgün dəyərləndirməmiş və Əliyar Ağayevi monitora çağırmamışdı. Oyunun nəticəsinə birbaşa təsir edən qərarlar olduğundan hər iki hakim eyni cəzayla üzləşmişdi.


AFFA Hakimlər Komitəsinin sədri Rəhim Həsənov sözügedən matçdakı epizodlarda Əliyar Ağayevin hər iki epizodda yanlış qərarlar verdiyini təsdiqləmişdi. Referi, iki epizodda "Turan Tovuz"un lehinə penalti təyin etməmişdi.

Digər xəbərlər