AFFA rəhbərliyi "Xəzər Lənkəran"ın stadionuna getmədi, tənqid olundu

AFFA rəhbərliyi "Xəzər Lənkəran"ın stadionuna getmədi, tənqid olundu
Futbol
119
07 Dekabr 2025 - 21:45

AFFA-nın yaydığı məlumata görə, qurum rəhbərliyinin bölgələrə səfəri davam edir. AFFA-nın baş katibi Cahangir Fərəcullayev, baş katibin müavini Kamran Vəliyev, Futbolun İnkişaf Fondunun icraçı direktoru Tural Piriyev və İnkişaf Strategiyasının icrası üzrə layihə qrupunun dövlət qurumları ilə əlaqələrinə məsul şəxs Ramazan Səmədov cənub bölgəsinə səfəri çərçivəsində futbol infrastrukturunun vəziyyəti ilə yerində tanış olublar.


Səfər Biləsuvar və Cəlilabadda başlayıb. AFFA rəsmiləri orada Olimpiya İdman Komplekslərini və yerli stadionları yoxlayaraq mövcud şərait və inkişaf imkanları barədə məlumat alıblar.


Daha sonra Lənkəran Olimpiya İdman Kompleksinə baş çəkilib. AFFA nümayəndələri Kütləvi Futbol Turniri çərçivəsində uşaqlar arasında Beynəlxalq Futbol Gününə həsr olunmuş yarışı izləyiblər. AFFA tərəfindən iştirakçılara futbol topları və formalar hədiyyə olunub. Səfər zamanı müxtəlif qurum və yerli nümayəndələrlə bir sıra faydalı görüşlər keçirilib.


Cənub turu Ərkivan qəsəbə stadionu və Masallıda yerləşən Anatoli Banişevski adına stadiona aparılan baxışlarla davam edib.


Səfərin sonunda AFFA rəsmiləri Salyan Olimpiya İdman Kompleksində mövcud infrastrukturla tanış olublar.


AFFA rəhbərliyi Lənkəran Olimpiya İdman Kompleksinə baş çəksə də, "Xəzər Lənkəran" stadionuna getməyib.


Dağılan klubun keçmiş mətbuat katibi Hüseyn Cəbrayıloğlu buna görə AFFA rəhbərliyini tənqid edib:


"Deyəndə ki, Lənkəranda böyük futbolu bərpa etməyi istəmirlər, daş atıb başlarını tuturlar ki, "yox e, "Xəzər Lənkəran" özü dağıldı.


Bu gün AFFA rəhbərliyi cənub bölgəsinə səfər edib, Biləsuvardan Masallıya kimi stadion tipli qurğular, futbol infrastrukturları ilə yaxından tanış olublar. Amma Lənkərana tərəf gələndə dilləri, düşüncələri, ayaqları quruyub Masallıdan geri dönüblər. 


Birdən AFFA üçün sinə vuran kimsə desə "Xəzər Lənkəran" stadionu özəl obyektdir, bəlkə ona görə" qələt edir. Masallı stadionu da özəldir və artıq Mənsimovlara da aid deyil".

Digər xəbərlər