Video: "Qarabağ" Qurban Qurbanovla ömürlük müqavilə imzalayıb? - Qurban Qurbanov açıqladı
Supersport.Az-ın "Qarabağ" Futbol Klubunun baş məşqçi Qurban Qurbanovla yeni uzunmüddətli müqavilə imzalayacağı haqda məlumatı təsdiqini tapıb.
Supersport.Az "Qarabağ"ın baş məşqçisi Qurban Qurbanova bu haqda "Qurban bəy, "Qarabağ"la müqaviləniz bu gün bitib. Yeni kontrakt bağlamısınız: 5 illik, 10 illik?" sualını verib.
Qurban Qurbanov suala cavabında gülərək belə deyib:
"Məndə köhnə müqavilədir, yeni yox. Deyəsən, 2027-dək müqaviləm var. Bizdə 5-10 illik müqavilə klublar üçün böyük riskdir".
Qurban Qurbanov bu cavabla "Qarabağ"ın onunla ömürlük müqavilə imzaladığına işarə vurub.
"Qarabağ"ın prezidenti Tahir Gözəl bir müddət əvvəl Supersport.Az-a açıqlamasında "Qurban Qurbanov "Qarabağ"ın ayrılmaz parçasıdır, uğurlarımızda böyük rolu olub. Allahın izniylə Qurban Qurbanovla 10 illərlə müqavilə imzalamaq istəyirik" deyib.
Bir məqamı xüsusi xatırladaq ki, dünyada məşhur mütəxəssis Qurban Qurbanov 2008-ci ilin 5 avqustundan "Qarabağ"ın baş məşqçisidir. Q.Qurbanovun bu ilin 30 iyununda Ağdam klubuyla müqaviləsinin müddəti bitəcək.
"Qarabağ"a ilk ölkə çempionluğunu 1993-də mütəxəssis Ağasəlim Mircavadov qazandırıb.
Qurban Qurbanovun rəhbərliyi dövründə "Qarabağ" 11 qat ölkə çempionu, 6 dəfə kubokun sahibi olub. Q.Qurbanovlu komanda 11 il dalbadal avrokubokların qrup mərhələsində mübarizə aparıb.
12 qat çempion "Qarabağ"ın baş məşqçisi Qurban Qurbanov bir komandada ən uzun müddət çalışan dünya məşqçilərinin siyahısındadır.
2008-ci ilin avqustunda "Qarabağ"ın baş məşqçisi təyin edilən Qurban Qurbanov siyahıda ikincidir. 53 yaşlı mütəxəssis, 17 ilə yaxındır ki, Ağdam klubunun baş məşqçisidir.
İlk pillədə Almaniyanın "Haydenhaym" komandasının 51 yaşlı baş məşqçisi Frank Şmitd yer alıb. O, 2007-ci ildən bugünə qədər indiki vəzifədədir. Q.Qurbanovu yalnız bu alman mütəxəssis qabaqlayır.
Siyahıda 3-cü İngiltərənin "Harroqeyt Taun" klubunun baş məşqşisi Saymon Uiverdir (2009-cu il). 4-cü yeri Andorra millisinin baş məşqçisi Koldo (2010-cu il), 5-ci yeri Lüksemburq millisinin baş məşqçisi Lyuk Holts (2010-cu il), 6-cı yeri isə "Atletiko Madrid"in baş məşqçisi Dieqo Simeone (2011-ci il) tutur.