"Turan Tovuz" UEFA-nı məhkəməyə verəcək
UEFA İntizam Komitəsi AFFA-nın 2019-cu ildə danışılmış oyunlarla bağlı qərarına əsaslanaraq, “Turan Tovuz”u 2026/2027-ci illər mövsümündə avrokuboklardan kənarlaşdırıb.
"Turan" klubu UEFA-nın qərarıyla bağlı İdman Arbitraj Məhkəməsinə (CAS) şikayət edəcəyini açıqlayıb.
"2025/2026-cı illər mövsümündə bütün idman prinsiplərinə əməl edərək mövsümü 3-cü pillədə başa vurduq və haqqımız olan Konfrans Liqasında çıxış etmək hüququ qazandıq. UEFA İntizam Komitəsi klubumuzun kriteriyalara cavab verib-verməməsinə dair araşdırma aparıb. AFFA İntizam Komitəsinin 13 dekabr 2019-cu il tarixli qərarını (qərarın linki: https://www.affa.az/index.php/news/ntizam-komitsinin-qrar/65952) əsas götürən qurum 2 iyun 2026-cı il tarixində klubumuzu 2026/2027-ci illər mövsümündəki UEFA-nın idman yarışlarında iştirakdan kənarlaşdırıb. Qeyd edək ki, AFFA İntizam Komitəsi tərəfindən 2019-2020-ci illər mövsümündə I Divizionda çıxış edən komandamızın 7 futbolçusuna futbolla bağlı bütün növ fəaliyyətlərinə qadağa qoyulmuşdu. Bildirmək istəyirik ki, klubumuz tərəfindən qərarın dəyişdirilməsi və bütün idman prinsipləri qorunaraq vəsiqə qazandığımız Konfrans Liqasında iştirakımızın təmin edilməsi üçün bugündən etibarən bütün hüquqi addımlar atılacaq və İdman Arbitraj Məhkəməsinə (CAS) müraciət olunacaq".