Azərbaycan üç medalla birincidir - Fotolar
Supersport.Az-ın məlumatına görə, Birləşmiş Ərəb Əmirliyinin paytaxtı Əbu-Dabidə cüdo üzrə Böyük Dəbilqə turnirinin ilk günündə Azərbaycan iki qızıl, bir bürünc medal qazanıb.
Ölkəmiz bu uğurla 13 mükafat əldə edən dövlət sırasnda birincidir.
Azərbaycan yarışda 9 çəki dərəcəsində 11 idmançı (7 kişi, 4 qadın) ilə təmsil olunur. Kollektivə kişilərdən ibarət milli komandanın böyük məşqçiləri Elçin İsmayılov, Slavko Tekiç, qadınlardan ibarət yığmanın baş məşqçisi Amina Abdellatif və məşqçi Tərlan Kərimov rəhbərlik edirlər.
Los-Anceles-2028 Yay Olimpiya Oyunlarına lisenziya xalları verən turnirdə 59 ölkədən 374 cüdoçu iştirak edir.
48 kiloqram çəki dərəcəsində mübarizə aparan Könül Əliyeva bütün rəqiblərini məğlub edərək turnirin qalibi olub. Bununla o, "Böyük Dəbilqə" yarışında çempionluq qazanan ilk azərbaycanlı qadın cüdoçu kimi tarixə düşüb.
Könül Əliyeva əvvəlcə Özbəkistan təmsilçisi Ulbusin Xakimovanı, 1/4 finalda niderlandlı Amber Gersyesi, yarımfinalda isə Fransa cüdoçusu Melani Lequ-Klemanı məğlub edib.
Türkiyə təmsilçisi Merve Azaka finalda qalib gələn Könül Əliyeva qızıl medal qazanıb.
Azərbaycanın digər təmsilçisi Balabəy Ağayev (60 kq) tacik Loiq Kudbudinova qalib gələrək birinci olub.
Rəşad Yelkiyev (66 kq) üçüncü yeri tutub.
Dünya Cüdo Turuna daxil olan turnirdə Azərbaycan Cüdo Federasiyasının Hakimlər Komitəsinin üzvü, "A" kateqoriyalı beynəlxalq hakim Nazim Umbayev də ədalət təmsilçiləri arasında yer alıb.