Qurban Qurbanov nazirliyi, AFFA-nı tənqid etdi: "Bu stadionda futbol oynamaq olmaz"

Qurban Qurbanov nazirliyi, AFFA-nı tənqid etdi: "Bu stadionda futbol oynamaq olmaz"
Futbol
187
14 Fevral 2026 - 19:45

Supersport.Az xəbər verir ki, Azərbaycan Premyer Liqasının 20-ci turunda  Qubada "İmişli"ni məğlub edən "Qarabağ"ın baş məşqçisi Qurban Qurbanov AFFA-ya mesajlar göndərib.


İmişli komandasının rəhbərliyinin də qeyri-peşəkarlığı səbəbindən komandalar biabırçı meydançada oynamalı olurlar.


AFFA İcraiyyə Komitəsinin də üzvü olan Qurban Qurbanov, matçın keçirildiyi, Gənclər və İdman Nazirliyinin balansındakı Quba Olimpiya Kompleksinin stadionunun meydançasının bərbad vəziyyətdə, belə yerdə futbol oynamağın mümkünsüz olduğunu bildirib.


Mütəxəssis Qurban Qurbanov bununla nazirliyin, SOCAR prezidenti Rövşən Nəcəfin rəhbəri olduğu AFFA-nın ciddi nöqsanına etiraz edib. 


"Futbolçularıma təşəkkür edirəm. Çox vacib qələbə qazandıq. Azarkeşlərimizə, bütün qubalılara təşəkkür edirəm. Komandanı çox gözəl qarşıladılar, bizə azarkeşlik edirdilər. "İmişli"yə uğurlar arzulayıram" deyən Qurban Qurbanov, "Meydançanın durumu komandanızın oyununa nə dərəcədə təsir etdi?" sualına cavab verib:


"Meydança yox idi ki... Belə meydançada futbol oynamağa necə icazə verilə bilər, başa düşmürəm. Bir neçə gün öncə İspaniyada ot örtüyünün durumuna görə iki oyunu təxirə saldılar. Çox danışmaq istəmirəm. Bəzi iradları bildirəndə deyirlər ki, ancaq "Qarabağ"ı düşünür. Bu meydançanı görməyə nə Qurban lazımdır, nə də başqası. Belə olmaz. Dərindən düşünsək, hər şeyin çıxış yolu var. Belə meydançada "Nyukasl'la oyuna necə hazırlaşım? Gərək 3-4 gün futbolçuları bərpa edək. Oyunçular ikiqat yükləndilər. Meydança müzakirə olunası mövzudur. Burada təkcə biz oynamırıq. Məncə, bütün komandalar şikayət edir. Oturub gözləyirdim ki, oyun nə vaxt qurtaracaq. Futboldan başqa nə desən var idi.


Leandro Andradeylə bağlı meydança elədir ki, bilmirsən nə zədəsidir. O da sabah bilinəcək.


Hakimlərdən danışmağı xoşlamıram. Onlar federasiyaya bildirməlidirlər ki, bu stadionda futbol oynamaq olmaz. Hansı əsrdə yaşayırıq? Başa düşürəm ki, "İmişli" yeni komandadır, stadionu yoxdur. Burada oynayırlarsa, onda burada da məşq etsinlər də. Özləri niyə burada məşq etmir? Bakıda məşq edib Qubada oynayırlar. Bakıda da oynasınlar. Bunları ona görə deyirəm ki, bəlkə meydançanın yaxşılaşdırılmasına faydam olar. Heç kimlə düşmənliyimiz yoxdur. Sadəcə istəyirik ki, normal futbol oynansın. "Nyukasl"la oyuna hazır olmayacağıq. Meydançanın bu dərəcədə pis olduğunu düşünmürdüm".


- AFFA İcraiyyə Komitəsinin üzvüsünüz. İclaslarda bu məsələ ilə bağlı təkliflər verə bilərsiniz?


- Meydança məsələsi İcraiyyə Komitəsində həmişə müzakirə olunur. Hər klubun öz stadionu olmalıdır. "Karvan-Yevlax"la "İmişli" Premyer Liqaya buraxılanda onlara infrastrukturunun yaxşılaşdırılması üçün 1 il möhlət verildi. İcraiyyə Komitəsi gəlib meydançanı düzəltməli deyil. Lisenziyalaşdırma departamenti baxmalıdır, qərar verməlidir. Futbolçular güc sərf edirdilər, amma qaça bilmirdilər. Çox məyusam. Son vaxtlar futbolda bu qədər məyus olmamışdım. Belə olmaz.


- "Nyukasl"la oyundan gözləntiləriniz nədir?


- Mübarizə aparacağıq. "Nyukasl" sürətli komandadır. Premyer Liqa komandasıdır, danışmağa ehtiyac yoxdur. Son iki oyunda "Nyukasl"la matça normal hazırlaşa bilmədik. Bu iki matçda bəlkə də 1000 ötürmə etməli idik, amma heç 500 ötürmə edə bilmədik. İstədiyim hücumları qura bilmədim. Amma təcrübəmiz var. İlk dəfə deyil. Sadəcə heç vaxt belə hazırlıq olmamışdı. Təxminən 20 dəqiqə 10 nəfərlə oynadıq. Futbolçular əlavə güc sərf etdilər. Futbolçuları tez bərpa etməliyik. İnşAllah yaxşı olar.

Digər xəbərlər