Qurban Qurbanovdan transferlərlə bağlı açıqlama
Supersport.Az xəbər verir ki, Azərbaycan Premyer Liqasının XXXIII turunda "Sumqayıt"ı məğlub edən "Qarabağ"ın baş məşqçisi Qurban Qurbanov oyun haqda fikirlərini bildirib:
"Futbolçularımı təbrik edirəm. Mövsümün son oyunu olmasına baxmayaraq, hər iki komandanın futbolçuları yaxşı oyun göstərdilər. Çox istəkli idilər. Bütün komandalara təşəkkür edirəm, yaxşı mövsüm keçdi, maraqlı çempionat oldu. Demək olar ki, futbola xas hər şey oldu – qalmaqallar, qalibiyyətlər, məğlubiyyətlər, yerdəyişmələr. Mövsüm maraqlı alındı. Futbol emosional oyundur. Bu gün də matçın sonunda belə alındı. Çalışmalıyıq ki, özümüzü daha sakit, təmkinli aparaq. Öz azarkeşlərimizə təşəkkür edirəm. Bütün oyunlarda bizimlə olublar, bu gün də tək qoymadılar. Hamıya, hər kəsə uğurlar arzulayıram. Transferlərlə bağlı danışıqlar gedir. Qarşıdakı günlərdə də aktiv iş planımız odur ki, komandanı yaxşı komplektləşdirək. Yaxşı mövsüm keçirdik, böyük təcrübə topladıq".