Ayxan Abbasov millidən şikayətləndi
Supersport.Az xəbər verir ki, iyunun 9-da Macarıstanın Sombatxey şəhərində yerləşən "Haladaş" stadionunda keçiriləcək Azərbaycan – San Marino oyunu öncəsi təşkil olunan mətbuat konfransında milli komandanın baş məşqçisi Ayxan Abbasov fikirlərini bildirib.
"Təlim-məşq toplanışı planlı şəkildə gedir. Bizim üçün nəticədən də vacibi futbolçuları iş başında görmək idi. Qarşıdan gələn Millətlər Liqası öncəsi bu çox önəmlidir. Bundan yaxşı fürsət ola bilməz. Malta ilə matçı əsasən hücumda keçirsək də, bu bizi qane etmir. Hücumları məntiqi sonluğa çatdırmaq lazımdır. Bəzi futbolçuların oyun praktikasının azlığını qeyd etməliyəm. İstək çox olsa da, oyun təcrübəsi az idi. Millətlər Liqasında uğurlu nəticə qazanmaq istəyiriksə, orada hər epizoddan yararlanmalıyıq. San Marino ilə görüşdə tam fərqli heyətlə çıxış edəcəyik. Sabah qalib gələcəyimizə inanırıq".