Qurban Qurbanov: "Sıx qrafikdə çıxış etmək asan deyil"
Supersport.Az xəbər verir ki, Azərbaycan Kubokunun 1/4 final mərhələsində keçirilən “Qarabağ” - “Şamaxı” oyunundan (3:1) sonra Ağdam komandasının baş məşqçisi Qurban Qurbanovun mətbuat konfransında matç barədə fikirlərini bölüşüb:
"Futbolçularımı təbrik edirəm. Vacib nəticə əldə etdik. İkinci hissədə oyunu, demək olar ki, tam ələ almışdıq. Qalibiyyət çox önəmli idi. Futbolçular düzgün oynamağa çalışdılar. Yorğunluq hiss olunurdu. Qarşıdakı günlərdə özlərinə gələcək və optimal formada olacaqlar. Azarkeşlərimizə təşəkkür edirəm. Şamaxıdan gələn azarkeşlər də öz komandalarını dəstəklədilər".
Baş məşqçi mövsümün sonlarında oyun sayının çoxluğuna hazır olduqlarını söyləyib:
"Sıx qrafikdə oynasaq da, öhdəsindən gələcəyik. İstənilən matça futbolçuları kökləmək bizim işimizdir. İlboyu sıx qrafikdə çıxış etmək asan deyil. Bir görüşdən digərinə keçid zamanı vaxt olmur. Oyundan-oyuna tələblər olur, gərginlik artır. Futbolda bu kimi hallar normaldır".
Qeyd edək ki, "Qarabağ" iki oyunun cəmində 4:3 hesablı qələbəylə yarımfinala vəsiqə qazanıb.