İlham Əliyev dünya çempionu Əhməd Yusifovun zəfərinə qiymət verdi - Foto

İlham Əliyev dünya çempionu Əhməd Yusifovun zəfərinə qiymət verdi - Foto
Olimpiya, Digər, Cüdo, Foto
111
05 Oktyabr 2026 - 22:00

Oktyabrın 5-də Bakıda, Milli Gimnastika Arenasında cüdo üzrə dünya çempionatının açılış mərasimi keçirilib.


Azərbaycan prezidenti İlham Əliyev açılış mərasimində iştirak edib.


Supersport.Az xəbər verir ki, əvvəlcə dövlət başçısı Bakıda keçirilən cüdo üzrə dünya çempionatında qızıl medal qazanan azərbaycanlı idmançı Əhməd Yusifovla görüşüb. Qazandığı böyük qələbə münasibətilə idmançımızı təbrik edən prezident İlham Əliyev deyib:


"Bütün xalqımızı sevindirmisən. Özü də mübarizə çox gərgin gedirdi. Rəqiblərin də hamısı çox güclüdür. Final yarışında, döyüşündə təmiz qələbə qazanmaq, əlbəttə ki, böyük nailiyyətdir. Səni ürəkdən təbrik edirəm. Dünya çempionu olmaq hər bir idmançının arzusudur. Əminəm ki, sən də bu arzu ilə yaşamısan və bu zirvəyə çatmısan, özü də doğma Vətəndə. Buna görə səni ürəkdən təbrik edirəm, yeni uğurlar arzulayıram. Sən hələ gəncsən. Gələcəkdə də bir çox yarışlar olacaq. Əminəm ki, sən doğma Vətənimizin idman şöhrətini həmişə yüksəklərdə saxlayacaqsan".


Əhməd Yusifov təşəkkür edib: "Çox sağ olun. Minnətdaram".


Cüdo üzrə dünya çempionatının açılış mərasimi Azərbaycanda idmanın inkişafı ilə bağlı videoçarxın nümayişi ilə başlayıb.. Azərbaycan Cüdo Federasiyasının prezidenti Rəşad Nəbiyev və Beynəlxalq Cüdo Federasiyasının prezidenti Ladislau-Marius Vizer çıxış ediblər.


Azərbaycanın Dövlət Himni və Beynəlxalq Cüdo Federasiyasının himni səsləndirilib. 



Qeyd edək ki, oktyabrın 4-də start verilən cüdo üzrə dünya çempionatına ayın 11-də yekun vurulacaq. Beynəlxalq cüdo təqviminin ən nüfuzlu yarışında 93 ölkədən 622 cüdoçu – 335 kişi və 287 qadın mübarizə aparır.

Digər xəbərlər