Rövşən Nəcəf təbrikində səhv etdi
Supersport.Az xəbər verir ki, AFFA prezidenti Rövşən Nəcəf Azərbaycan premyer liqasının qalibi "Sabah"ı ölkə kubokunu qazanması münasibətilə təbrik edən zaman səhvə yol verib.
R.Nəcəf, çempionun Çempionlar Liqasında ölkə adından çıxış edəcəyini unudaraq, Azərbaycan Kubokunun qalibi kimi ölkəmizi beynəlxalq arenada layiqincə təmsil edəcəyinə inandığını qeyd edib.
"Hörmətli “Sabah” klubunun rəhbərliyi, məşqçilər heyəti və futbolçular!
Sizi və çoxsaylı azarkeşlərinizi futbol üzrə Azərbaycan Kubokunun qalibi olmağınız münasibətilə AFFA adından və şəxsən öz adımdan səmimi-qəlbdən təbrik edirəm!
Gərgin və maraqlı idman mübarizəsi şəraitində keçən bu turnirdə nümayiş etdirdiyiniz əzmkar oyun, peşəkarlıq və qələbə ruhu sizi layiqli zəfərə daşıdı. Final qarşılaşmasında göstərdiyiniz yüksək performans futbolsevərlərə yaddaqalan anlar yaşatdı.
Bu uğur təkcə meydandakı futbolçuların deyil, eyni zamanda klubda çalışan hər bir əməkdaşın və komandanı daim dəstəkləyən sadiq azarkeşlərin birgə əməyinin nəticəsidir.
İnanıram ki, Azərbaycan Kubokunun qalibi kimi ölkəmizi beynəlxalq arenada layiqincə təmsil edəcək, yeni uğurlara imza atacaqsınız.
Bir daha hər birinizi bu inamlı qələbə münasibətilə təbrik edir, gələcək oyunlarda və turnirlərdə yeni nailiyyətlər arzulayıram!".