AFFA 960 min manat ödədiyi Blekeri göndərdi
Belçikalı FIFA referisi Frank De Blekerin AFFA-dakı 2 illik fəaliyyəti başa çatıb.
Supersport.Az-ın əldə etdiyi məlumata görə, AFFA bu müddətdə mütəxəssisə ümumilikdə 960 min, aylıq 40 min manat ödəyib.
AFFA Blekerlə bağlı məlumat yayıb:
"2024-cü ilin iyul ayında AFFA Hakimlər Komitəsinin sədri vəzifəsinə təyin olunan Frank De Bleker 2025-ci ilin noyabrından etibarən AFFA-da Beynəlxalq Hakimlik və hakimlərin təlim-tədrisi üzrə baş katibin müşaviri vəzifəsini icra edib.
O, fəaliyyəti dövründə Azərbaycan hakimliyinin inkişafı, beynəlxalq əlaqələrin genişləndirilməsi və hakimlərin hazırlıq səviyyəsinin yüksəldilməsi istiqamətində öz töhfəsini verib. Belçikalı mütəxəssisin fəaliyyəti dönəmində, xüsusən də, gənc hakimlərin inkişafına göstərilən diqqət tezliklə öz bəhrəsini verib. 2026-cı ildən etibarən Azərbaycanın tarixində ilk dəfə FIFA dərəcəli hakimlərinin sayının 4-ə yüksəlməsi bunun ən bariz nümunələrindən biridir. Bu nailiyyət ölkə hakimliyinin beynəlxalq arenadakı nüfuzunun artmasının, eyni zamanda Frank De Blekerin həyata keçirdiyi fəaliyyətin uğurlu nəticəsidir.
Frank De Bleker karyerasını Serbiyada davam etdirəcək. O, Serbiya Futbol Federasiyasında Hakimlər Komissiyasının sədri vəzifəsinə təyin olunub.
AFFA Frank De Blekerə Azərbaycan futboluna verdiyi töhfəyə görə təşəkkür edir, yeni fəaliyyətində uğurlar arzulayır".
Azərbaycan Futbol Federasiyaları Assosiasiyasında baş katibin müşaviri və Hakimlər Komitəsinin sədri kimi fəaliyyətini başa vuran belçikalı FIFA referisi Frank De Bleker AFFA-ya təşəkkür məktubu ünvanlayıb.
O, Azərbaycanda çalışdığı iki illik dövrü dəyərləndirib, bu müddətdə əldə olunan uğurlardan bəhs edib, birlikdə çalışdığı hakimlərə, Hakimlər Departamentinə və AFFA rəhbərliyinə minnətdarlığını ifadə edib.
Frank De Blekerin məktubunu təqdim edirik:
"İki illik əməkdaşlıqdan sonra mənə ölkənin ən yaxşı hakimləri ilə işləmək imkanı yaratdığı üçün AFFA-ya səmimi təşəkkürümü bildirirəm. Bu müddət ərzində birlikdə həm ölkə daxilində, həm də beynəlxalq arenada mühüm uğurlara imza atdıq. İki hakimimizin UEFA-nın Birinci Kateqoriyasına yüksəlməsi ilə tarix yazdıq, UEFA Superkuboku və UEFA Çempionlar Liqası oyunlarına təyinatlar əldə etdik, seminarlarımızda UEFA-nın Hakimlik üzrə Mütəxəssisləri Byorn Kuypers və Karlos Velaskonu qonaq etdik. Həmçinin tariximizdə ilk dəfə olaraq dörd FIFA hakimi, iki əlavə köməkçi hakim və üç FIFA VAR hakiminə sahib olduq. Bütün bu uğurları birlikdə qazandıq və əldə etdiyimiz nəticələrlə qürur duyuram. AFFA-ya, Hakimlər Departamentinə və bütün oyun rəsmilərinə təşəkkür edirəm. Sizinlə işləmək mənim üçün böyük şərəf idi. İndi isə fəaliyyətimdə yeni bir səhifə açaraq Serbiyada RefCo-nun sədri vəzifəsinə başlayıram. Sonda isə futbola və hakimliyə ən uyğun ifadələrdən biri ilə sözümü bitirmək istərdim: Futbolda və hakimlikdə biz heç vaxt vidalaşmırıq".