"Biz qalib gəlməyi də, uduzmağı da bilirik"

"Biz qalib gəlməyi də, uduzmağı da bilirik"
Futbol
129
16 Noyabr 2026 - 18:52

UEFA Millətlər Liqasında İngiltərəyə məğlub olan Avropa, dünya çempionu İspaniya yığmasının baş məşqçisi Luis de la Fuente uğursuzluğun səbəblərini açıqlayıb.


"Biz qalib gəlməyi də, uduzmağı da bilirik. İlk 30 dəqiqədə İngiltərə bizdən üstün idi və ciddi problemlər yaratdı. Lakin sonra vəziyyət dəyişdi. Oyunu öz xeyrimizə çevirə biləcəyimizi hiss edirdim. Ən yaxşı günlər hələ qabaqdadır".


Mütəxəssis İspaniya millisinin tarixi məğlubiyyətsizlik seriyasının başa çatmasına da toxunub. Onun fikrincə, bu məğlubiyyət komandanın son illərdəki nailiyyətlərinin miqyasını daha da qabardır.


De la Fuente vurğulayıb ki, oyunçular göstərdikləri gərgin əməyə görə tərifə layiqdirlər. O qeyd edib ki, komanda uzun müddətdir məğlubiyyət acısı yaşamasa da, belə nəticələr ən yüksək səviyyədə mübarizə aparmağın çətinliklərini daha aydın dərk etməyə kömək edir.


İspaniyalı 65 yaşlı mütəxəssis deyib ki, oyundan sonra paltardəyişmə otağında futbolçularla söhbət edərək, onlara keçdikləri yolu xatırladıb. O, komandanın son nəticələrinin tarixi əhəmiyyətini və hazırkı oyunçu nəslinin gələcəkdə daha böyük uğurlar qazana biləcəyinə inamını ifadə edib.


Baş məşqçi, həmçinin qarşıdan gələn Millətlər Liqasının pley-off mərhələsinə də diqqət çəkib. Qrupda liderliyi əldən versələr də, İspaniya hələ də kubok uğrunda mübarizəni davam etdirir.


"Mart ayında dörddəbir finalda oynayacağıq. Qrupda ikinci yeri tutsaq da, yenə də Millətlər Liqasının qalibi olmaq istəyirik" - deyə. baş məşqçi vurğulayıb.


De la Fuente həmçinin "Metropolitano" stadionunun tribunalarını dolduran azarkeşlərə təşəkkür edib. O, stadiondakı atmosferin möhtəşəm olduğunu və azarkeş dəstəyinin futbolçulara son dəqiqələrə qədər mübarizə aparmağa kömək etdiyini qeyd edib.



Digər xəbərlər