"Qarabağ"ın 1000-ci oyunu - Video
Azərbaycan Premyer Liqasının VII turu “Qarabağ” üçün əlamətdar olacaq. Ağdam klubu Azərbaycan çempionatlarında 1000-ci matçını keçirəcək.
Mövsümdə 6-cı, tarixdə 1000-ci
Cari mövsümün startına qədər 994 qarşılaşmaya çıxan “Qarabağ”ın II turdakı görüşü təxirə salınmışdı. UEFA Konfrans Liqasında iştirak səbəbindən Ağdam klubunun mövsümdəki 6-cı oyunu VII tura təsadüf edəcək. Yubiley matçı Yevlax şəhər stadionunda təşkil olunacaq. “Qarabağ”ın bu gün keçiriləcək dueldəki rəqibi “İmişli”dir. Qarşılaşma saat 16:00-da başlayacaq.
600-cü qələbəyə doğru
Əvvəllər güclülər dəstəsi, yüksək dəstə kimi də adlanan Premyer Liqada 999 oyun keçirən “Qarabağ” hamıdan çox – 591 qələbə qazanıb. 600-cü qələbəsini elə cari mövsüm əldə etməsi real görünən komandanın hesabında 223 heç-heçə var. Ağdamlılar 185 dəfə meydandan xalsız ayrılıblar. Bölgə təmsilçisi 494 dəfə evdə, 493 dəfə səfərdə meydana çıxıb. Digər 12 görüş neytral meydanlarda baş tutub.
Pley-offun yeganə çempionu
“Qarabağ”ın neytral meydanda 12 matç keçirməsinin iki səbəbi var. Bunlardan birincisi 1993 mövsümü ilə bağlıdır. Tarixdə ilk və sonuncu dəfə çempionla mükafatçılar yarımfinal, 3-cü yer uğrunda matç və finaldan ibarət pley-offla müəyyənləşib. “Qarabağ” da neytral meydanda baş tutan həlledici görüşləri udmaqla qızıl medallara yiyələnib. “Qarabağ”ın çempionatdakı 999 oyunundan 997-si liqa, 2-si pley-offa təsadüf edib. 1995/96 mövsümündə isə final mərhələsinin 10 turu neytral arenalarda təşkil olunub.
12579 gün əvvəlki “11-lik”
1000-ci oyuna aparan yol bu matçdan 12 min 579 gün əvvəl başlayıb. 1991-ci ildə SSRİ çempionatının II dəstəsində mübarizə aparan üç təmsilçimizdən biri olan “Qarabağ” Qərb zonasında 11-ci yerdə başa vurduğu mövsümün ardından ilk müstəqil yarışa qatılıb. 1992-ci il mayın 3-də gerçəkləşən debüt matçı Ağdam şəhər stadionunda baş tutub. Sabirabad “İnşaatçı”sına qarşı görüşü “Qarabağ” aşağıdakı “11-lik”lə əvəzolunmadan keçirib: Namiq Bəşirov, Səttar Əliyev, Nazim Mehrəliyev, Şahid Həsənov, Məmməd Məmmədov, Məhəmməd İsmayılov, Mehman Alışanov, Yaşar Hüseynov, Cavanşir Novruzov, Mahir Əliyev, Elşad Xudadatov.
Kərimov “Top-4”də yer alsa da, liderlərdən xeyli geri qalırlar.
“Qarabağ”ın “topçu”ları
Ölkə çempionatları tarixində bir klubda təkcə ən çox oyun keçirən deyil, həm də ən çox qol vuranın da adı “Qarabağ”la bağlıdır. Müşfiq Hüseynov eyni komandada 100-dən çox qol vuran yeganə futbolçudur. O, Ağdam klubunun çempionat matçlarında 109 dəfə fərqlənib. Komandanın Premyer Liqadakı ikinci bombardiri Mahir Emrelidir. Onu rekordçudan 50 qol ayırır. İlk “üçlüy”ü Abdullah Zubir qapayır. “Qarabağ”ın ən məhsuldar legioneri 55 dəfə rəqib qapılarına yol tapıb.