AFFA qorxdu: "Qarabağ"ı təhqir edən "Sabah"ın məşqçisi Zuddası cəzalandırmadı
AFFA-nın İntizam Komitəsi Azərbaycan Premyer Liqasının 22-ci turunun “Qarabağ” – “Sabah” oyununun (3:3) sonundakı qalmaqala göz yumub.
Supersport.Az-ın məlumatına görə, AFFA "Qarabağ"ı təhqir edən "Sabah"ın italiyalı məşqçisi Valerio Zuddası cəzalandırmaması səbəbindən sərt tənqid olunub.
"Qarabağ"ın baş məşqçisi Qurban Qurbanov başda olmaqla klub üzvləri Bakı komandasına etiraz edib. "Sabah"ın baş məşqçisi Valdas Dambrauskas köməkçisinin hərəkətinə görə Qurban Qurbanovdan üzr də istəyib.
AFFA İntizam Komitəsi biabırçı hadisəyə kor yanaşıb. Rövşən Nəcəfin qurumu "Qarabağ" klubunu təhqir edən "Sabah"ın məşqçisi Valerio Zuddası cəzalandırmağa cəsarət etməyib.
AFFA qeyri-etik hərəkət edən Valerio Zuddası cəzalandırmasa da, "Qarabağ" komandasının azarkeşləri tərəfindən kütləvi şəkildə təhqiramiz ifadələr səsləndirildiyinə görə Ağdam təmsilçisini 8000 manat cərimələyib.
AFFA nümayəndəsi Emin Cəfərov, baş hakim Tural Qurbanov, VAR hakimi Elçin Məsiyev, hakim-inspektor Munis Abdullayev özlərini korluğa vurub.
AFFA İntizam Komitəsi sədri Erkin Hüseynov Rövşən Nəcəfin prezidenti olduğu SOCAR-da da çalışır.
"Sabah"ın prezidenti Maqsud Adıgözəlov AFFA İcraiyyə Komitəsinin üzvüdür, klubun qeyri-rəsmi idarəçisi Balakişi Qasımov federasiyada vitse-prezidentdir.
AFFA İntizam Komitəsi bir müddət əvvəl "Şamaxı"nın baş məşqçisi Ayxan Abbasova qarşı qeyri-etik jest edən "Sumqayıt"ın baş məşqçisi Saşa İliçə 4 oyunluq cəzalandırsa da, "Sabah"ın məşqçisi Valerio Zuddasa cəza verməkdən qorxub.